Laçın Beynəlxalq Film Festivalının (LIFF) mükafatlandırma mərasimi keçirilib.
Uvertura.az xəbəe verir ki, Festivalın direktoru Amil Amal tərəfindən qaliblərə və fərqlənən iştirakçılara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Xalq artisti Şamil Süleymanlı, Elşad Ərşadoğlu və İlkin Umarov “Qızıl Palıd Budağı” mükafatına layiq görülüblər. “Golden Oak Branch” mükafatı isə Jean-Marie Villeneuve və Toktobek Usonov Usonovichə təqdim edilib.
Münsiflər heyətinin diqqətini çəkən yerli və xarici filmlər də müxtəlif kateqoriyalar üzrə təltif olunub. Festivalın müsabiqə proqramına daxil edilən 39 filmin iştirakçılarına “Rəsmi iştirakçı” sertifikatı verilib, ümumilikdə 17 nəfər mükafatlandırılıb.
Qarabağ və Şərqi Zəngəzurda keçirilən ilk beynəlxalq film festivalı olan LIFF-in məqsədi Azərbaycan kinosunun təbliği, beynəlxalq yaradıcılıq əlaqələrinin genişləndirilməsi və regionun mədəni həyatına töhfə verməkdir.
