Tanınmış azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolova Kann şəhərində “Renuar – incəsənətin böyük interpretatoru” beynəlxalq mükafatına layiq görülüb. Almaniyada yaşayan və fəaliyyət göstərən rəssam müsabiqədə “Eva” əsəri ilə iştirak edib.
Uvertura.az xəbər verir ki, Pyer-Ogyust Renuarın yaradıcılığına ehtiram məqsədilə təsis olunan mükafat işıq, emosiya və insan obrazını incəsənətin universal dili ilə ifadə edən sənətçilərə təqdim olunur.
Rəssam bildirib ki, “Eva” əsərində qadın gözəlliyi və kövrəkliyini ön plana çıxarıb. O, beynəlxalq sərgi və tədbirlərdə Azərbaycanı təmsil etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Marqarita Kərimova-Sokolova, həmçinin Monakoda keçirilən nüfuzlu “Art3f Monaco” beynəlxalq müasir incəsənət sərgisində də iştirak edib. Sərgi dünyanın müxtəlif ölkələrindən rəssam və qalereyaları bir araya gətirərək müasir incəsənətin fərqli istiqamətlərini təqdim edir.
