Mədəniyyət

Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Leyli və Məcnun” tamaşası nümayiş olunub

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Leyli və Məcnun” tamaşası təqdim edilib.

Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutan eyniadlı muğam operası əsasında hazırlanan səhnə əsərinin quruluşu Prezident mükafatçısı, rejissor Samir Qulamova məxsusdur.

Teatrdan uvertura.az-a verilən məlumata görə, tamaşanın yaradıcı heyətində tanınmış sənət adamları yer alıblar. Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Muğam ifası üzrə məsləhətçi funksiyasını isə Xalq artisti Səkinə İsmayılova yerinə yetirib.

Tamaşada Əməkdar artist Nadir Xasiyev, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova və Orxan Hüseynli ilə yanaşı, teatrın digər aktyorları da çıxış ediblər. Səhnə təqdimatında həmçinin Musiqili Teatrın xor və balet artistləri iştirak ediblər.

Klassik muğam operasının müasir teatr yozumunda təqdim olunduğu tamaşa Üzeyir Hacıbəyli irsinin səhnə sənətində yaşadılması və yeni bədii yanaşmalarla tamaşaçılara çatdırılması baxımından festival proqramının diqqətçəkən təqdimatlarından biri olub.

Oxşar Xəbərlər