Azərbaycan bəstəkarı və rəssamı, professor, akademik Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır.
Uvertüra.az xəbər verir ki, bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir.
Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — “Məhəbbət Əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D. Şostakoviç yazırdı: “Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş. Rəşidovun “İki qəlbin kitabı” əsəri əsasında yaratdığı “İki qəlbin poeması” baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilmişdir.
Bəstəkar öz yaradıcılığının təbiətinə görə simfonistdir. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirmişdir.
2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub.
Bəstəkar 9 may 2019-cu ildə 86 yaşında vəfat etmişdir. Məlikov ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunmuş və I Fəxri Xiyabanda dəfn olunmuşdur.