Rza Əfqanlı 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərlik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib.
Uvertüra.az xəbər verir ki, 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.
1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933–1934-cü il teatr mövsümündə Türkmənistanın paytaxtı Aşqabaddakı “Az Millətlər Teatrı”nda (“Natsmen” Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.
Ömrünün 39-cu ilində Əməkdar, 44-cü ilində isə Xalq artisti adına layiq görülür. 1948-ci ildə Ənvər Məmmədxanlının “Şərqin səhəri” tamaşasında oynadığı Fərhad roluna görə Stalin mükafatı alır.
Rza Əfqanlı istər teatr, istərsə də kino tariximizdə hiss və duyğularımıza hakim kəsilən xeyli adda obrazlar yaradıb. Onun “Dağlarda döyüş” filmində yaratdığı Sərxan rolu məhz belə obrazlardandır.
Milli kino sənətimizin inkişafında Rza Əfqanlının xidmətləri çox olub. O, həqiqətən görkəmli kino xadimi olub. “Bakılılar”, “Kəndlilər”, “Yeni horizont”, “Dağlarda döyüş”, “Aygün”, “26-lar”, “O olmasın, bu olsun”, “Qanun naminə”, “Mən ki gözəl deyildim” və sairə filmlərdə bir-birindən gözəl, olduqca mənalı, maraqlı obrazlar yaradıb. O, həmin obrazlarda tamaşaçıların rəğbətini qazanıb. Təəssüflə qeyd edək ki, onun teatrda yaratdığı obrazlar o vaxt lentə çəkilməyib. O, sənət üçün doğulmuşdu.
Rza Əfqanlı1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib. Həyat yoldaşı tanınmış teatr rəssamı Bədurə xanım Əfqanlı idi. Aktrisa Ofeliya Aslanın atasıdır.
Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.