İyunun 25-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti olub.
Uvertura.az xəbər verir ki, tədbirdə tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, festivalın çoxsaylı xarici qonaqları da iştirak ediblər.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib. Builki festivalda Türkiyə, Özbəkistan, Tacikistan, İsrail, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən musiqiçilər iştirak ediblər.
Xatırladaq ki, 2009-cu ildə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 2009, 2011, 2013, 2015 və 2018-ci illərdə də keçirilən festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak edib. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub.
Festivalın yekun konsertinə “Natiq” ritm qrupu start verib. Azərbaycanın Xalq artisti Alim Qasımovun ifası, eləcə də “Mirvari” ansamblının rəqsi gecəyə xüsusi rəng qatıb.
Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.
Sonra Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bədii proqramla davam edən gecədə məşhur kaman ifaçısı İmamyar Həsənovun Xalq artisti Natiq Şirinov, tarzən Rüfət Həsənov, musiqiçilər Ümid Şirinov və Hikmət Şirinovla birgə ifası səslənib.
Festivalın yekun konsertində 6-cı Beynəlxalq Muğam Müsabiqəsi qalibləri səhnəni ustadları – Xalq artistləri Elçin Həşimov, Fərqanə Qasımova, Əməkdar artistlər Elnur Əhmədov, Şirzad Fətəliyev, Təyyar Bayramov və digərləri ilə bölüşüblər. Konsertin yekun akkordu “Qarabağ şikəstəsi” ilə vurulub və bu mahnını Xalq artisti Mənsum İbrahimov konsertin bütün iştirakçıları ilə birgə təqdim edib.