Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” bədii filmi Yunanıstanda keçirilən 5-ci Beynəlxalq Kimolos Film Festivalının (The 5th Kimolos International Film Festival) “Qızıl ağac” mükafatına layiq görülüb.
Uvertura.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona” kino şirkətinin birgə istehsalı etdiyi filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüseri İradə Bağırzadədir.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə əsas rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Qurban İsmayılov çəkiliblər.
Qeyd edək ki, “Mərmər soyuğu” ötən il Tallinn “Qara Gecələr” Film Festivalında “Ən yaxşı aktyor”, Almatı şəhərində keçirilən 16-cı Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” nominasiyalarında mükafatlara, bu il isə Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalında (Festival International des Cinémas d’Asie) jürinin əsas mükafatına layiq görülüb.