Bundan əvvəl bildirdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə geniş nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. Nümayəndə heyətində ölkəmizin incəsənət ustaları da təmsil olunub.
Uvertura.az Azərtaga istinad edir ki, səfər gedişində sənətçilərimiz Çinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi çərçivəsində keçirilən “İpək Yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulması” mövzusunda forumun bədii hissəsində maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Əməkdar artist İlkin Əhmədov, xanəndə Günay İmamverdiyeva Azərbaycan mahnılarını səsləndiriblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri İnarə Zeynalova və Aydəmir Aydəmirov Azərbaycan xalq rəqsini ifa ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olub.