Pavarotti fövqəlsəsə sahib opera müğənnisi sayılırdı. O opera tarixində 9 yüksək “do” notunu oxuya bilmiş ilk müğənni idi, buna görə də “Üst do kralı” adını almışdı. Onu operanı küçələrə daşıyan adam kimi də tanıyırdılar. Düzdür, öncələr buna görə tənqid olunurdu, sonralar anladılar ki, o operaya ümumxalq sevgisi qazandırmış insandır.
Pavarottinin ən məşhur layihələrindən biri də “3 Tenor” layihəsi idi. Bu layihə çərçivəsində o həmkarları, dünya şöhrətli tenorlar Dominqo, Karreras ilə birlikdə möhtəşəm konsertlər verirdi. Musiqi tənqidçiləri bu üçlüyü opera janrını konsert salonlarına daşımaqda ittiham edirdilər. Tamaşaçılar isə bu layihəni çox sevdilər və bütün dünyada məşhurlaşdı.
Tale ona istədiyi hər şeyi bəxş edirdi. O minor yaşamağı sevmirdi. Qaynar italyan qanı və populyarlığın bəxş etdiyi çılğınlıqla daima qadınların əhatəsində olur, saysız-hesabsız eşq macəraları yaşayırdı.
40 illik ailə həyatından sonra 64 yaşında o dəli kimi gənc bir xanıma, öz köməkçisinə aşiq olur. Sevdiyi qız ondan 40 yaş kiçik, 24 yaşlı Nikoletta Montovani idi. O qədər sevmişdi ki, arvadına etiraf edib ondan ayrılır, yeni arvadına villa tikdirir. Bu evlilikdən bir qızı bir oğlu doğulsa da, oğlu körpə ikən ölür. Luçano həmişə müsahibələrində varissiz qaldığını deyirdi. 4 qızını varisi hesab etmirdi.
2007-ci ilin sentyabr ayında Pavarotti yaşadığı Madene şəhərində, xəstəxanada vəfat etdi. Onu 3 gün dəfn etmədilər. Milyonlarla fanatı axın-axın vidalaşmaq üçün gəlirdi, Madena küçələri gül yağışına tutulmuşdu. O ata-anası və körpə oğlunun dəfn olunduğu ailə məzarlığında torpağa tapşırıldı.