Uvertura.az bildirir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç, ABŞ) görkəmli rus bəstəkarı Sergey Raxmaninovun (1873-1943) 150 illiyinə həsr olunmuş silsilə konsertlərə (10-14 oktyabr) ev sahibliyi edir.
ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə bu layihə ilk dəfə Azərbaycanda təqdim edilir.
Filarmoniyada oktyabrın 11-də keçirilən növbəti konsertdə Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər – İlya Şmukler (piano, Rusiya), Çi-Çi (piano, Çin), Yanqrey Tsay (piano, Çin) və Əli Məmmədov (piano, Azərbaycan) çıxış ediblər.
Proqramda Sergey Raxmaninovun piano və orkestr üçün 2 (c-moll, op.18) və 4 saylı (g-moll, op.40) konsertləri, “Paqanini mövzusuna rapsodiya” və Sergey Prokofyevin “Piano və orkestr üçün 2 saylı (g-moll, op.16) konsert”i səslənib.
Qeyd edək ki, “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi 2019-cu ildə Özbəkistanda başlayıb. Rəngarəng konsertləri ilə musiqisevərləri bir araya toplayan layihənin bədii rəhbəri tanınmış pianoçu, pianoçuların XI Van Cliburn beynəlxalq müsabiqəsinin qızıl medalçısı Stanislav Yudeniçdir.