Bakıda “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Yada Daşı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Uvertura.az xəbər verir ki, mərasimdə çıxış edən İctimai Birliyin sədri, filmin layihə rəhbəri Nurlana Hacıyeva bildirib ki, film qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda – Zəngəzurda dağıdılmış tarixi abidələrimiz və vətənsiz qalmış soydaşlarımızın acı taleyindən bəhs edir.
Layihə müəllifinin sözlərinə görə, peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin yerləşdiyi ərazilərdə yaşamış qərbi azərbaycanlıların xatirələrinin təqdim olunduğu “Yada Daşı” filmində müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək arxiv fotoşəkillərə, videokadrlara da geniş yer verilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxışı zamanı ərsəyə gətirilən ekran əsərinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu film nəinki Qərbi azərbaycanlılar, bizim hər birimiz üçün xüsusi əhəmiyyət kəsb edir: “Əlbəttə, işlərimiz davam edəcək. Başqa planlarımız da var. Onların hər birini həyata keçirəcəyik”.
Təqdimat mərasimindən sonra çıxış edən Milli Məclisin deputatı Musa Quliyev yaradıcı heyətə təşəkkür edib: “Sanki o yerlərə gedib-gəldik. Bu, bizim ümummilli işimizdir. Artıq Qarabağ torpaqlarını işğaldan azad etmişik və Qərbi Azərbaycan yolu üzərindəyik”.
Deputatın sözlərinə görə, indi hədəfləri müəyyən etməli və irəli addımlamalıyıq: “Nə gecikməli, nə də ləngiməliyik. Biz hamımız indi “Qərbi azərbaycanlıyıq” deməliyik. Necə ki, vaxtilə hamımız “Biz qarabağlıyıq” deyirdik”.
“Dədə ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərov da belə bir filmə görə yaradıcı heyətə minnətdarlığını bildirib: “Düşünürəm ki, belə filmlər çox əhəmiyyətlidir. Bu cür filmlərlə biz tarix yaşatmış oluruq”.
Qeyd edək ki, filmin təqdimat mərasimində ictimai-siyasi xadimlər, deputatlar və mədəniyyət nümayəndələri iştirak ediblər. Layihənin əsas məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstək işinə töhfə verməkdir.