“Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma saylarında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm də koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub”.
Uvertura.az yerli mediaya istinadən xəbər verir ki, müraciətlər arasında respirator viruslar üstünlük təşkil edir: “Pasiyentlər həm qrip, həm pnevmoniyadan ağırlaşma ilə gəlir. Xatırladım ki, bu gün poliklinikaların hamısında qrip peyvəndi var. Nəzərinizə çatdırım ki, bütün yoluxuculuq qabiliyyəti yüksək olan xəstəliklərin qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, bir çox ölkədə uşaqlar arasında naməlum tənəffüs yolu virusu sürətlə yayılır. Buna əsas kimi COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması, payız-qış mövsümünün başlaması, həmçinin qrip və digər virusların yayılması göstərilir.
Xatırladaq ki, Azərbaycanda əhalinin qrip əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Eyni zamanda orta və yaşlı əhalinin qızılcaya qarşı da vaksinasiya olunması nəzərdə tutulur.