“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində yanvarın 8-də yoqa müəllimi İlhamə Şirinovanın yoqa və pranayama üzrə master-klassı, eləcə də, məşhur hind quru Şri Şri Ravi Şankarın meditasiya təcrübəsi keçirilib.
Uvertura.az xəbər verir ki, ustad dərsi mərkəzin yeni layihəsi – ruhani müəllimlər və incəsənət mərkəzinin xüsusi dəvət olunmuş qonaqları ilə ünsiyyət çərçivəsində keçirilib.
Şri Şri Ravi Şankar ruhani müəllim, ictimai fəal və “Yaşamaq Sənəti” beynəlxalq təşkilatının yaradıcısıdır. O, qonaqlarla söhbət edib, insanın həyatı, fəlsəfəsi, mənəvi yolu ilə bağlı sualları cavablandırıb, təbii ki, öz təcrübəsini, sevgisini “Nine Senses”in qonaqları ilə bölüşüb.
Müəllim qeyd edib ki, Bakı dünyanın ən xoşbəxt şəhəri olmaq üçün böyük potensiala malikdir. O bildirib ki, ölkənin mənəvi mədəniyyətini daha da inkişaf etdirmək üçün mütləq qayıdacağına söz verib.
Vurğulayaq ki, məşhur usta təkcə meditasiya müəllimi deyil, həm də “Biznesdə etika naminə” beynəlxalq forumunun təsisçisi və “Padma Vibhuşan” ordeninin sahibidir.
Qeyd edək ki, 2009-cu ildə “Forbes India” jurnalına görə o, Hindistanın ən güclü 7 adamı siyahısında 5-ci yeri tutub.