Uvertura.az xəbər verir ki, əməkdar artist Qasım Nağı “Yuğ” Teatrının binasız qalmasını mədəniyyət sektoruna heç cür yaraşdırmadığını bildirib.
O, bu barədə yerli kanallardan birində müsahibə verib.
Əməkdar artist ən böyük arzularından birinin “Yuğ” Teatrının öz binasında fəaliyyət göstərməsi ilə bağlı olduğunu vurğulayıb:
“Millətimizi və dövlətimizi daim müzəffər görmək istəyirəm. Hər şey gözəl olsun. Ən xırda arzulardan biri odur ki, ən çox sevdiyim, doğma teatrım – “Yuğ”un binası olsun. Bu özəl dəst-xətti olan, Azərbaycan teatr tarixində özəl yeri olan teatrın binasız qalmasını nə bizə, nə də mədəniyyət sektoruna heç cür yaraşdırmıram. Həmişə ümidliyəm ki, bu problem yaxın günlərdə həllini tapacaq. Çünki o teatr Azərbaycan mədəniyyətinə dəyərli insanlar bəxş edib. Onlar həyatlarını buraya həsr ediblər. Bu il teatrın 35 illiyi olacaq, ümid edirəm ki, teatrımızın bu il binası olacaq. Qalanı da, nə arzulaya bilərəm ki, ölkəmə ancaq sülh və firavanlıq arzu edirəm. Hələ ki arzularım bunlardan ibarətdir”.