Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 111 ili tamam olur.
Xalq artisti Hökümə Qurbanovanın (1913-1988) adı Azərbaycan teatr, kino sənətinə qızıl hərflərlə yazılıb. Aktrisanın 1938-ci ildən etibarən ömrünün sonunadək Milli Dram Teatrının tamaşalarında oynadığı dolğun, koloritli obrazları, kino rolları cəmiyyətin maariflənməsi, düşüncələrinin zənginləşməsi, formalaşması istiqamətində mühüm rol oynayıb, sənətin inkişafına təkan verib. Mənalı, zərif, cazibəli plastikaya, məlahətli səsə, xoş simaya, səhnəyə yaraşan qüsursuz gözəlliyə, fövqəladə istedada, yüksək sənət duyumuna malik aktrisa romantik yaradıcılığı fonunda imza atdığı hər bir işini peşəkarlıqla təqdim edib, teatral və ekran obrazlarını orijinal, yaddaqalan ştrixlərlə yaradıb.
Hökümə Qurbanova 1913-cü ildə Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Ziyalı ailəsində böyüyən, daim sənət söhbətləri gedən evdə boya-başa çatan gələcəyin məşhur aktrisası sənətə, musiqiyə hələ kiçik yaşlarından maraq göstərib. Orta məktəbi bitirdikdən sonra Pedaqoji Texnikuma daxil olub, 1931-ci ildə oranı bitirib. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, fortepiano sinfində (1931-1932) oxuyub. Konservatoriyada təhsil alarkən yazıçı, dramaturq Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filminin çəkilişlərinə cəlb olunub, Yaxşı roluna çəkilib.
Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarın teatrda, kinoda canlandırdığı hər bir rolu, dublyajda səsləndirdiyi hər bir personajı ekran, efir, film vasitəsi ilə belə məktəbdir, örnəkdir, şəxsiyyəti unudulmaz, xatirəsi əzizdir.