Bu gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 84-cü ili tamam olur.
Bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi (1995), “Qızıl oğlan” musiqili nağıl (1999) xüsusi yer tutur. Teatr və televiziya tamaşalarına, filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, mahnıların müəllifi olub.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və fəxri diplomuna layiq görülüb. Bəstəkar 2022-ci ildə vəfat edib.