Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası oktyabrın 19-da Türkiyədə təqdim olunacaq.
Uvertura.az xəbər verir ki, əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin quruluşu ilə Ankarada Dövlət Opera və Balet Teatrında nümayiş ediləcək.
Librettonun mətni Hacettepe Universiteti Konservatoriyasının müəllimi Şenol Talınlı tərəfindən uyğunlaşdırılıb, dekorasiya və kostyumları isə Yusuf Toker hazırlayıb. Orkestrə Rüstəm Rahmedov dirijorluq edəcək.
Qeyd edək ki, “Arşın mal alan” operettası 1913-cü ildə yazılmışdır və onun librettosunun müəllifi Üzeyir Hacıbəyovdur
Operetta 80 dilə tərcümə olunub və 76 ölkədə 187 teatrda səhnəyə qoyulub. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında “Arşın mal alan” operettasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi qərara alınıb.