“Klon” serialında canlandırdığı İvetti obrazı ilə milyonlarla tamaşaçının rəğbətini qazanan braziliyalı aktrisa Vera Fişer yenidən gündəmə gəlib.
Uvertura.az xəbər verir ki, 74 yaşlı sənətçi sosial şəbəkədə paylaşdığı yeni fotolarla izləyicilərinin diqqətini cəlb edib.
Paylaşımlar qısa müddətdə çoxsaylı bəyənmə və rəylər toplayıb. Pərəstişkarları aktrisanın illərə baxmayaraq zərif görünüşünü qoruduğunu, enerjisi və özünəinamı ilə seçildiyini vurğulayıblar.
Qeyd edək ki, Vera Fişer sənət karyerasına başlamazdan əvvəl 1969-cu ildə “Braziliya gözəli” seçilib. Daha sonra televiziya və kino sahəsində uğurlu fəaliyyət göstərərək ölkəsinin ən tanınmış aktrisalarından birinə çevrilib.
Onun yaradıcılıq portfelində çoxsaylı məşhur obrazlar yer alsa da, beynəlxalq auditoriya üçün ən yaddaqalan rollardan biri “Klon” serialındakı İvetti olub. Xarizması və ekran enerjisi ilə seçilən bu obraz illər keçsə də tamaşaçıların yaddaşında qalmağı bacarıb.
Xatırladaq ki, 2001-ci ildə yayımlanmağa başlayan “Klon” serialı qısa zamanda dünyanın müxtəlif ölkələrində böyük populyarlıq qazanıb və bu gün də nostalji ekran işləri sırasında xüsusi yer tutur. Vera Fişerin son paylaşımı isə İvetti obrazına olan sevgini bir daha xatırladıb.
