Mədəniyyət

Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

Bakıda müəllimlər üçün Xeyirxahlıq Festivalı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festival IDEA İctimai Birliyi, Elm və Təhsil Nazirliyi və “ThinkIn” təşkilatının əməkdaşlığı ilə baş tutub. Mərkəzi Nəbatat Bağında təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil müəssisəsindən 1000-ə yaxın müəllim iştirak edib.

Uvertura.az Azərtaca istinadən xəbər verir ki, Festivalda Leyla Əliyeva və Alyona Əliyeva müxtəlif fəaliyyət zonaları ilə tanış olub, müəllimlərlə görüşərək onların hazırladığı təqdimat və çıxışları izləyiblər.

Rəsmi hissədə çıxış edən Leyla Əliyeva müəllim əməyinin əhəmiyyətini vurğulayaraq, uşaqların potensialının üzə çıxarılmasında müəllimlərin və valideynlərin rolundan danışıb, müəllimlərə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində təhsildə xeyirxahlıq, empatiya və qarşılıqlı hörmət mövzusunda panel müzakirəsi keçirilib, həmçinin “Xeyirxahlıq Marafonu”nun qalibləri mükafatlandırılıb.

Festival konsert proqramı ilə yekunlaşıb. Tədbirin əsas məqsədi müəllimlərə təşəkkür ifadə etmək, məktəblərdə xeyirxahlıq və qarşılıqlı dəstək mədəniyyətini təşviq etmək olub.

You may also like