Bu il Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı tam fərqli bir atmosferdə, daha yüksək coşqu ilə qeyd ediləcək.
Uvertura.az xəbər verir ki, Naxçıvan şəhəri ilk dəfə keçiriləcək “Snow fest – Qış festivalı”na hazırlaşır.
Nəinki Naxçıvan sakinlərinin, eləcə də şəhərin qonaqlarının səbirsizliklə gözlədiyi festivalın hazırlıq mərhələsi demək olar ki, bitmək üzrədir. Və hər kəs dekabrın 25-ni, festivalın başlayacağı günü gözləyir.
Festivalın keçiriləcəyi ərazinin ümumi görünüşünə uyğun, bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb.
Naxçıvanda ilk dəfə qurulan qış şəhərciyində müxtəlif xidmətlər və təamlarla tanış ola bilərsiniz. Burada milli mətbəximizlə yanaşı, dünya təamlarından da dada bilərsiniz. 25 dekabrdan 7 yanvaradək keçiriləcək tədbirin hər günündə müxtəlif sürprizlər və yeniliklər olacaq.