“Disney” “Zootopiya” animasiya filminin üçüncü hissəsinin hazırlanmasına başladığını rəsmən açıqlayıb. Şirkət yeni ekran işinin loqosunu da ictimaiyyətə təqdim edib.
“Variety” nəşrinin məlumatına görə, layihə ilə bağlı xəbər D23 fanat tədbiri çərçivəsində elan olunub.
Françayzanın ikinci filmi böyük kommersiya uğuru qazanaraq dünya üzrə 1,8 milyard dollar gəlir əldə edib və “Disney” tarixinin ən yüksək kassa göstəricilərindən birinə imza atıb.
Uvertura.az xəbər verir ki, “Zootopiya”nın ilk hissəsi 2016-cı ildə tamaşaçılara təqdim olunub. Hekayənin mərkəzində polis olmaq arzusunu reallaşdıran dovşan Cudi Hops və hiyləgər tülkü Nik Uayld dayanır. Onların yolları sirli bir cinayət işinin araşdırılması zamanı kəsişir.
2025-ci ildə təqdim olunan ikinci hissədə isə Nik artıq polis kimi Cudinin tərəfdaşıdır. Bu dəfə qəhrəmanlar sürünənlərin yoxa çıxması ilə bağlı araşdırmaya başlayır və Qari adlı ilanla qarşılaşırlar.
Cudi və Qarini səsləndirən Cennifer Qudvin və Ke Hüy Quan personajlarının üçüncü filmdə də yer alacağını təsdiqləyiblər.
İlkin məlumata əsasən, “Zootopiya 3”də şəhərə quşların gəlişi süjetin əsas mövzularından biri olacaq. Filmin premyera tarixi isə hələ açıqlanmayıb.
